Rumıniyadan olan qonaq Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb. 14.7.2017
Rumıniyadan olan qonaq Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb.
İyulun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda səfərdə olan Rumıniya Respublikasının Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq üzrə Mərkəzinin baş təhlilçisi xanım Andrea İbanescu ilə görüşüb.
Əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi, bu ağır problemin həlli istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli və digər mühüm məsələlərin müzakirəsinin də geniş yer aldığı görüşdə qonağa hərtərəfli məlumat verən Fuad Hüseynov diqqətə çatdırmışdır ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb.
Bildirilmişdir ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-nın, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.
Bunlara baxmayaraq Azərbaycanın torpaqlarının işğalda qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını əminliklə qonaqların diqqətinə çatdıran Komitə sədrinin müavini bütün bunların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qaydışın” bir nümünəsi kimi reallaşdığını bildirmişdir.
Sonda Komitə sədrinin müavini iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin qətlə yetirildiyindən söz açıb və bunu işğalçı Ermənistanın kriminal rejiminin növbəti bir vəhşiliyi kimi qeyd etmişdir. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin, münaqişə zonasındakı bu cür insidentlərin əsas səbəbidir və münaqişənin dinc yolla həllində ciddi maneədir.
Görüşdə Rumıniyadan olan xanım tədqiqatçı münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirmişdir. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonaq suallarına ətraflı cavab aldığına və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edərək Azərbaycan dövlətinin tolerantlıq ənənələrindən məmnun qaldığını diqqətə çatdırmışdır.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az