Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi Cocuq Mərcanlı ilə bağlı layihə həyata keçirəcək 10.8.2017
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi Cocuq Mərcanlı ilə bağlı layihə həyata keçirəcək
Avqustun 9-da Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Gençin rəhbərliyi ilə nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Komitənin sədr müavinləri Gəray Fərhadovla və Fuad Hüseynovla keçirilən görüşdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Görüşdən əvvəl nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər.

Görüşdə Gəray Fərhadov bildirib ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə, 1994-cü il yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İnşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də başa çatdırıldı. Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri olan məscid də inşa edilib. Əgər indiyədək məcburi köçkünlər üçün salınan qəsəbələrdə onlar müvəqqəti yaşamaq üçün köçürülürdülərsə, bu dəfə belə deyil. Yəni, Cocuq Mərcanlıda salınan yeni qəsəbəyə həmin kəndin sakinləri orada daimi yaşamaq üçün köçürülürlər. İlk növbədə, 50 ailə doğma yurduna qayıdıb. Bundan sonra dövlətimizin başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” daha bir Sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi hazırda sürətlə davam etdirilir.

Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Gəray Fərhadov bu əlaqələrin daha da inkişaf etdirilməsinin, birliyimizin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə torpaqlarımız işğal edilən zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün göstərilən humanitar yardımları da heç zaman yaddan çıxarmaq olmaz. Burada Türkiyənin dəstəyi çox böyük olub. Bu gün isə artıq sakinlər geriyə qayıtdıqdan sonra Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanında olduğunu deyən komitə sədrinin müavini onların bu təşəbbüslərini yüksək dəyərləndirib, nümayəndə heyətinə minnətdarlığını bildirib.

Nümayəndə heyətinin üzvləri çıxış edərək bildiriblər ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır.

Görüşdə qərara alınıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılsın və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli müzakirələr aparılsın.
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az