Beynəlxalq təşkilatlar



Donor ölkə, beynəlxalq humanitar təşkilat və maliyyə qurumları ilə əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər


-Beynəlxalq humanitar və inkişaf təşkilatlarının xətti ilə məcburi köçkünlərə humanitar yardım göstərilməsinin davam etdirilməsi prioritet olaraq qalmalıdır.

 -Bu, təkcə dövlətin, yaxud da beynəlxalq humanitar təşkilatların məsələsi deyildir. Hər bir Azərbaycan vətəndaşının vəzifəsi və borcudur ki, qaçqınlara və məcburi köçkünlərə kömək göstərsin. Çünki onlar ədalətsiz təcavüzdən əziyyət çəkən, ən çətin vəziyyətdə yaşayan insanlardır. Öz torpaqlarını itirmiş insanlardır və onların problemi bizim hamımızın problemləridir.

-Azərbaycanda fəaliyyət göstərən qurumlar, strukturlar mütləq və mütləq humanitar təşkilatlara kömək göstərməlidirlər. Çünki biz istədiklərimizə ancaq birlikdə nail ola bilərik.

                                                                                      İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 17 fevral tarixdə Bakı şəhərində “Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər” mövzusunda beynəlxalq konfransda çıxışından

       Ötən dövrdə göstərilən fövqəladə humanitar yardımın çox böyük, xüsusi əhəmiyyəti olmuşdur.
     Bu müddət ərzində dövlət tərəfindən görülən ardıcıl tədbirlərlə yanaşı, Azərbaycana humanitar yardım göstərən donor ölkə, beynəlxalq maliyyə, humanitar və inkişaf təşkilatlarının gərgin əməyi nəticəsində humanitar böhran nisbətən aradan qaldırılmış və hazırda layihələr əsasən davamlı inkişafa istiqamətləndirilmişdir.
     Bu sahədə beynəlxalq standartlara uyğun müvafiq qanunvericilik bazası yaradılmış, beynəlxalq, yerli humanitar və onların təsis etdiyi inkişaf təşkilatlarının fəaliyyətinin vahid mərkəzdən koordinasiya edilməsi və tam şəffaf, qarşılıqlı, nümunəvi  əməkdaşlıq şəraitinin yaradılması təmin edilmişdir.
     
 18 may 2000-ci ildə Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin iştirakı iləİnkişaf Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfrns keçirilmişdir. Həmin tədbirdə ümummilli lider  Heydər Əliyev çıxış etmiş və çıxışında qaçqın və məcburi köçkün probleminin ölkədə bir nömrəli problem olduğunu, beynəlxalq və  yerli humanitar təşkilatların bu sahədə gördükləri işləri yüksək qiymətləndirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Həmin tədbirdə Azərbaycan Hökumətinin humanitar yardımdan inkişafa doğru strategiyası irəli sürülmüşdür.






    Ölkə Prezidenti cənab İlham Əliyev 2004-cü il fevralın 17-də “Gülüstan”  Sarayında “Azərbaycanda 10 illik Humanitar Fəaliyyət: Təsir, Qazanılmış Təcrübə, Gələcək İstiqamətlər” mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxış etmiş, qaçqın və məcburi köçkün probleminin ölkədə prioritet məsələ olduğunu bir daha vurğulamış, onların problemlərinə diqqətlə yanaşılması və ölkəmizdəki beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatlarının səmərəli fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanlarına konkret tapşırıqlar vermiş və demişdir ki, 1990-cı illərin əvvəllərində beynəlxalq təşkilatların həlledici fəaliyyəti olmasaydı, bu humanitar fəlakət çox acı nəticələrə gətirib çıxara bilərdi.     

       Cənab İlham Əliyev konfransdakı çıxışında həmçinin qeyd etmişdir ki, bu gün Azərbaycanın əsas problemi Ermənistan tərəfindən 20 faiz torpaqların işğalı və bir milyona qədər qaçqın və məcburi köçkünün olmasıdır və bu, ölkənin bir nömrəli problemi olaraq qalmaqla dövlət tərəfindən görülən tədbirlərlə bərabər beynəlxalq humanitar və inkişaf təşkilatlarının xətti ilə digər inkişaf proqramları ilə yanaşı, məcburi köçkünlərə müxtəlif növ humanitar yardım göstərilməsinin davam etdirilməsi prioritet olaraq qalmalıdır.


 




     -2005-ci il 4 iyul tarixdə Bakı şəhərində Avropa Şurası Parlament Assambleyasının Qaçqınlar üzrə Ali Komitəsinin sədri xanım Rut-Qabi Vermot-Manqoldanın iştirakı ilə “Cənubi Qafqazda Köçkün Düşmüş Əhali” mövzusunda seminar keçirilmişdir.
      Latviyalı parlamentar cənab Çileviçin başçılığı ilə nümayəndə heyətinin çadır düşərgələrində, dəmiryolu yük vaqonlarında, yataqxana binalarında və yeni salınmış qəsəbələrdə məcburi köçkünlərlə görüşündən sonra hazırladığı hesabat əsasında 2006-cı il aprel ayının 13-də Avropa Şurası Parlament Assambleyasının Qaçqınlar, Miqrasiya və Əhali Komitəsində “Azərbaycan, Ermənistan və Gürcüstanda qaçqın və məcburi köçkünlər” adlı izahedici memorandum əsasında müvafiq qətnamə qəbul edilmişdir.





 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə 2004-2017-ci illər ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və inkişaf təşkilatlarının nümayəndələri ilə 1200-dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkəmizdə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 900-dən çox səfəri təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il 3 aprel tarixdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin direktoru Yakob Kellenberqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il 25 iyul tarixdə BMT-nin “Ümumdünya Ərzaq Proqramı”nın icraçı direktoru  Ceyms Morrisin  rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-ci il 17 avqust  tarixdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşin rəhbərlik  etdiyi nümayəndə heyətini qəbul etmişdir.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci il 2 aprel tarixdə  BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci il 19 may tarixdə BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Quterreşin rəhbərlik etdiyi nümayəndə  heyətini qəbul etmişdir.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il 10 iyun  tarixdə Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF)  və Dünya Bankı tərəfindən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər

 

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli Fərmanı ilə yaradılmış Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun başlıca vəzifəsi məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə infrasturkturun, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etmək, onlar üçün iş yerləri açmaq, kiçik biznesin inkişafına yardım etməkdən ibarətdir.

Fond öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyətləri orqanları, beynəlxalq və milli qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə qurur, məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdığı ərazilərdə sosial sorğular keçirir, təhlillər və tədqiqatlar aparır, təkliflər verir, proqnozlar hazırlayır, müxtəlif istiqamətlər üzrə icma mikrolayihələrinin hazırlanmasına kömək edir, həmin layihələrin qiymətləndirilməsini aparır və məqsədəuyğun hesab olunanların layihə-tender sənədlərinin hazırlanmasını və həyata keçiriliməsini təmin edir.

MKSİF-in ali idarəetmə orqanı olan Müşahidə Şurasının tərkibinə Azərbaycan Hökumətinin, beynəlxalq, yerli qeyri-hökumət və özəl təşkilatların nümayəndələri ilə bərabər donor təşkilatların nümayəndələri də daxil edilmişdir.

2001-2005-ci illər ərzində “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” üzrə Dünya Bankı tərəfindən birinci tranşla Azərbaycan Hökumətinə ayrılmış 10 milyon ABŞ dolları həcmində (Azərbaycan Hökumətinin payı 0,7 milyon ABŞ dolları) güzəştli kredit vəsaitindən 7 milyon ABŞ dolları məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə  infrastrukturun bərpasına, 2,1 milyon ABŞ dolları isə yeni iş yerlərinin yaradılması üçün  mikrokreditlərin ayrılmasına yönəldilmişdir.

Layihə uğurla başa çatdırılmış, 30 şəhər və rayonda 170 min nəfərədək məcburi köçkünün faydalandığı 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, 1670 hüquqi və 10687 fiziki şəxsə kredit verilmişdir.

Layihənin davam etdirilməsi məqsədi ilə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında 2005-ci ildə bağlanılmış, ümumi dəyəri 12,6 milyon ABŞ dolları olan (11,5 milyon ABŞ dolları Bankın güzəştli kredit vəsaiti, 1,1 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payı) yeni Kredit Sazişinə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən  110 min nəfərin (80 %-i məcburi köçkündür) faydalandığı 168 mikrolayihə həyata keçirilmişdir.

2008-ci il mayın 15-də “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə”ni həyata keçirmək məqsədi ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan Hökuməti arasında 2009-2011-ci illəri əhatə edən yeni Layihə Sazişi imzalanmışdır. Ümumi dəyəri 24,19 milyon ABŞ dolları təşkil edən həmin Layihədə 15,0 milyon ABŞ dolları Dünya Bankının kredit vəsaiti,  8,69 milyon  ABŞ dolları isə Azərbaycan Hökumətinin payı olmuşdur.
     Dünya Bankı və Azərbaycan Hökuməti arasında 2011-ci il 10 noyabr tarixində dəyəri 78 milyon ABŞ dolları olan (həmin vəsaitin 50 milyon ABŞ dolları Dünya Bankının ayırdığı kredit, 28 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payıdır) "Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi"nə dair yeni Kredit Sazişi imzalanmışdır.
      Ümumiyyətlə, Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 325 min nəfərin faydalandığı və dəyəri 32 milyon manat təşkil edən 550 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83%-i məcburi köçkündür.Həmin layihə üzrə həmçinin 10 ildə 10,8 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 50 min nəfər məcburi köçkün faydalanmışdır.
Məcburi köçkünlər üçün salınmış 25 yeni qəsəbədə Dünya Bankı və Azərbaycan Hökuməti arasında imzalanmış " Azərbaycan: Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsi" çərçivəsində Yaponiya Sosial İnkişaf fondunun xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti hesabına 101 icma mikrolayihəsi icra olunmuş, 242 nəfər gənc məcburi köçkün müxtəlif peşə təlimini bitirmiş, 14 idman kompleksi, 22 kompyuter, 16 gənclər-əyləncə və 13 məişət-tədris, 1 elektron kitabxana yaradılmışdır
.
      

 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az